10-un müəllifi - Tərlan Əsədli - Sualtap

10-un müəllifi - Tərlan Əsədli

"10"-un müəllifi rubrikasının qonağı "Prestij" komandasının intellektual oyunçusu, güclü müəllifi və ən gənc üzvü Tərlan Əsədlidir. Bu rubrikada Tərlan Əsədlinin indiyə kimi yazdığı və özünün ən sevdiyi 10 gözəl sualı görəcəksiniz. Buyurun, həmin "10" sual!

Sual №1: Napoleon qvardiyasına yenicə qoşulmuş hərbçilər müəyyən məqsədlə bir dəstə oyun kartından istifadə edirdilər. Siz isə bir avstriyalının eyni məqsədlə nədən istifadə etdiyini tapın. 

Cavab: Bibliya
Sayılma meyarı: İncil
Şərh: Xidmətə yenicə yollanmış hərbçilər digərlərinin yanında bəstəboy görünməsinlər deyə, bir dəstə kartı corablarının daban hissəsinə yerləşdirirdilər. Məşhur versiyaya görə, balaca Motsartın boyu pianoya çatmadığından Bibliyadan istifadə edirdi.
Mənbə: 1. Эрве Базен. Змея в кулаке (Kindle Locations 1163-1165). Амальтея. Kindle Edition.
Müəllif: Tərlan Əsədli



Sual №2: Kitabların birində küləkli Qranadanın dar və uzun yolları ALFA ilə müqayisə edilir. XVIII əsrdə ABŞ-da kilsələrdən biri, ALFA-ları əridərək güllə düzəltmə-klə müharibəyə öz töhfəsini vermişdi. ALFA-nı iki sözlə cavab kartlarınıza yazın.

Cavab: Orqan boruları
Sayılma meyarı: yalnız dəqiq cavablar
Şərh: Ensiz və uzun yollar vizual olaraq, orqan borularını xatırladır. Bundan əlavə, orqanın işləmə prinsipi hava dövriyyəsinin – küləyin bu borulardan keçməsinə əsaslanır. 1776-cı ildə Məsih Kilsəsində (Christ Church) ilk dəfə təqdim edilən Snetsler orqanının borularından daha sonra müharibədə istifadə edilmək məqsədilə əridilərək, güllələr hazırlanmışdı.
Mənbə: 1. Альбер Бенсуссан. Гарсиа Лорка (Kindle Locations 866-867). Молодая гвардия.
              2. Orpha Ochse. The History of the Organ in the United States. Səh. 90
Müəllif: Tərlan Əsədli



Sual №3: Afrikalı saray xidmətçisi içəri girərkən kraliçanın əlindəki bıçağı görüb qorxuya düşdü. Kallimaxa görə isə, kraliça etdiyi bu fədakarlığı hər gecə xatırlayacaqdı. Kraliçanın kim olduğunu deyin.

Cavab: Veronika
Sayılma meyarı: II Veronika
Şərh: Veronika ərinin müharibədən salamat dönməsi üçün saçlarını bıçaqla kəsməyi qərara almışdı. Ona kömək etmək məqsədilə öz xidmətçisini də içəri çağırmışdı. Xidmətçinin afrikalı olması hadisənin Misirdə cərəyan etdiyinə işarə idi. "Veronikanın saçları" bürcü haqqında ilk məlumat verən şəxs isə məhz Kallimax olub. Onun sözlərinə görə, Veronika qaranlıq düşəndə həmin bürcün ulduzlarını görəcək və etdiyi fədakarlığı daim xatırlayacaq.
Mənbə: Denis Guedj. "Berenisin Saçları", səh 15.
Müəllif: Tərlan Əsədli



Sual №4: Onun nökərlər ilə sağollaşarkən işlətdiyi son cümlə belə olmuşdur: “İbadət edib qayıdacağıq”. Bu cümləni əsas gətirən bəzi araşdırmaçılar iddia edir ki, əslində onun niyyəti başqa idi. Kimin?

Cavab: İbrahim
Sayılma meyarı: Avraam, Abraham
Şərh: Yaradılış kitabının 22-ci fəsil, 5-ci ayəsində İbrahim nökərlərinə deyir: “Siz ulaqla burada qalın, oğlumla mən isə ora gedək, ibadət edib qayıdacağıq”. “Qayıdacağıq” felinin cəmdə işləndiyinə istinad edən araşdırmaçılar iddia edir ki, bu yolla İbrahim, öz oğlunu qurban etməyəcəyini artıq nökərlərinə bildirmişdi. Onun niyyəti sadəcə Tanrını yoxlamaq idi. Belə ki, İbrahim peyğəmbər, Sodom və Qomorrada insanları xilas etməyən Tanrını, heç olmasa bu dəfə kiminsə həyatını qurtarmağa məcbur etmək istəyirdi.
Müəllif: Tərlan Əsədli



Sual №5: Eduardo Qaleanonun "Küləyin yüzili" kitabında günəşli havada Karlos Qardelin gözünə BU düşür. BUnun əslində tavtalogiya olduğunu bilərək, iki sözlə deyin.

Cavab: Sombrero(nun) kölgəsi
Şərh: Ad və soyaddan şəxsin ispandilli olması aydın görünür. Günəşli hava isə kölgəyə çıxmaqda ipucu olmalı idi. Bildiyimiz kimi, "sombrero" sözü ispan dilindən tərcümədə elə məhz "kölgə" mənasına gəlir.
Mənbə: Eduardo Galeano. "Rüzgarın Yüzyılı"
Müəllif: Tərlan Əsədli



Sual №6: 1906-cı ildə doğulmuş bu şəxs, Aleksandrın yaxşı təhsil alması üçün xüsusi pedaqoqlar tutmuşdu. Kim?

Cavab: Aristotel Onassis
Şərh: Aristotel Onassisin qohumlarının məşhur yunan adları olması faktı çoxumuza məlumdur (atası Sokrat, anası Penelopa, nəvəsi Afina və s.). Maraqlıdır ki, Aristotel oğluna Aleksandr adını qoymuş və onun təhsili ilə yaxından maraqlanmışdır. Sual müəllifi də bu faktla İsgəndər-Aristotel münasibətləri arasında analogiya aparmışdır.
Mənbə: https://en.wikipedia.org/wiki/Alexander_Onassis
Müəllif: Tərlan Əsədli



Sual №7: Maraqlıdır ki, X yastıq növlərindən birinə verilən addır. Bir şərq mənbəsində isə, X yelpiklə müqayisə edilir. X-i ikinci növ təyini söz birləşməsi ilə cavab kartlarınıza yazın.

Cavab: fil qulağı
Şərh: Balaca uşaqlar üçün nəzərdə tutulan kənarları enli yastıqlara "fil qulağı" deyirlər. Onlar sözün əsl mənasında "fil qulağında yatırlar". Sualın ikinci hissəsində isə, məşhur "Korlar və fil" pritçasından söhbət gedirdi.
Mənbə: http://www.babyandmegifts.com/categories/Travel-Gear/Baby-Elephant-Ears-Headrests/
http://vedic-culture.in.ua/ru/culture/creation/764-the-parable-about-blind-sages-and-the-elephant-vaishnava-vedic-version-in-verse.html
Müəllif: Tərlan Əsədli



Sual №8: Keçən əsrin əvvəllərində qalereya işçisi tərəfindən polis idarəsinə aparılan Abram idarədə son dərəcə məyus halda oturaraq tez-tez "ilahi, mən nə etdim?!" ifadəsini təkrarlayırdı. Sizsə, Abramın qurbanını cavab kartlarınıza yazın.

Cavab: "İvan Qroznı oğlunu öldürür" rəsmi
Şərh: Abram Balaşov adlı psixi pozğunluqdan əziyyət çəkən biri əsərə qarşı vandalizm nümayiş etdirmiş və tabloya bir neçə bıçaq zərbəsi endirmişdi. Təsadüf odur ki, o, elə İvan Qroznı kimi hərəkətindən məyus olmuş və törətdiyi əməldən bərk peşmançılıq hissi keçirmişdi. Sualda "qalereya" sözü və rus mənşəli şəxs adı söhbətin rus rəssamlıq nümunəsindən getdiyinə işarə idi.
Mənbə: https://az.wikipedia.org/wiki/%C4%B0van_Qrozn%C4%B1_v%C9%99_o%C4%9Flu_%C4%B0van_16_noyabr_1581-ci_ild%C9%99#Tabloya_h.C3.BCcum
Müəllif: Tərlan Əsədli



Sual №9: Kitabların birində deyilir ki, insan üçün müharibə haqda X-də yazmaq ən böyük əzabdır. X-dən daha çox ölkəsinin məsuliyyətini təkbaşına öhdəsinə götürən qətiyyətli rəhbərlər istifadə edir. X-i üç sözlə cavab kartlarınıza yazın.

Cavab: Birinci şəxsin təki
Şərh: Bir insan müharibə barədə birinci şəxsin təkində yazırsa, deməli, özü o müharibənin canlı şahididir və bu əziyyəti şəxsən yaşayıb. Ölkənin müqədərratını həll etməyi öz üzərinə götürən, xalq ilə vəhdətdə olmayan dövlət başçıları danışıqlarında daha çox birinci şəxsin təkindən istifadə edirlər.
Mənbə: Italo Calvino. San Giovanni Yolu. (e-kitab)
http://www.azerbaijan-news.az/index.php?mod=3&id=68783
Müəllif: Tərlan Əsədli


Sual №10: Nikolas Rankin ingilis əlifbasında “I” [ay] hərfinin yerinin heç də təsadüfi olmadığını deyir. Növbəti cümlədə XIX əsrə aid bir əsərin hansı iki personajının xatırlandığını tapın.

Cavab: Doktor Cekill, Mister Hayd
Sayılma meyarı: soyad üzrə
Şərh: İngilis əlifbasında “I” hərfi “H” və J” hərflərinin arasında yerləşir ki, bunlar da öz növbəsində Cekill və Haydın baş hərfləridir. “I” həm də “mən” kimi tərcümə olunur. Bu da hər iki obrazın bir insanda cəmləndiyinə işarədir.
Mənbə: Alberto Manguel. “Kelimeler Şehri”, səh. 50
Müəllif: Tərlan Əsədli