Ən gözəl dupletlər (İkili suallar) - Sualtap

Ən gözəl dupletlər (İkili suallar)

"10" gözəl sualda bu dəfə ən gözəl, yaradıcı və düşündürücü 10 duplet sualını oxuyacaqsınız. Duplet tipli suallarda iki sual olur və bu suallar bir-biri ilə müəyyən qədər əlaqədar olmalıdır. Və həmin 10 gözəl sual!

Sual №1: 1) "Məşhər" romanında müəllif Nəsimi ilə Əmir Teymurun görüşməsini təsvir edərkən yazır: "Qolları bağlanmış halda dayanan Nəsimi birdən Divin gəldiyini hiss edir, onun zəhmi, ayaq zərbələrinin səsi ətrafa sükut çökməsinə səbəb olmuşdu"
Əsərdən gətirilən sitatda sizdən gizlədilmiş bir sözü tapın.

               2) "Məşhər" romanında qeyd olunur ki, Dərbəndi sülaləsindən olan İbrahimə şah olması xəbəri o əkinçiliklə məşğul olduğu vaxt gəlmişdi. Elə buna görə də xalq ona “rəncbər şah” deyirdi. Sizsə, İbrahimin şah olduqdan sonra taxtının üstünə nə asdığını yazın.

Cavab: 1) Tək.
             2) Cüt.
Şərh: 1) Yazıçı İsa Muğanna əsərdə hər nöqtəyə,hər cümləyə xüsusi diqqət yetirmiş və məntiqi səhvlərin olmamasına səy göstərmişdi.Məlum olduğu kimi sağ ayağı şikəst olan Əmir Teymurun ayaq zərbələri ola bilməzdi.Ona görə yazıçı buraya "tək" sözünü artırmaqla "tək ayaq zərbələri" ifadəsini qurmuş və beləliklə məntiqiliyi saxlamışdı.
         2) Sualda deyildiyi kimi əvvəllər əsasən əkinçiliklə məşğul olan İbrahim şah əsas əmək vasitəsi kimi "cüt"-dən istifadə etdiyindən keçmişini daima gözünün önündə saxlamaq üçün taxtının üstünə həmin "cüt"-ü asdırmışdı.
Mənbə: İsa Hüseynov "Məşhər" romanı.
Müəllif: Eşqin İbrahimov.


Sual №2: Aparıcı: [Duplet iki hissədən ibarətdir və hər bir suala düz cavab vermək üçün 30 saniyə vaxt verilir]
1. 1998-ci ildə yaradılan qrupun üzvlərindən biri qrupun adı haqqında danışarkən demişdi ki, hər şey sadəcə çox sürətlidir. Qrupun adını cavab kartına yazın.
2. Hesablamalara görə 50 milyon ildən sonra O, öz qorxusunu məhv edəcək.ONU cavab kartına yazın.


Cavab: Marsa 30 saniyə, Mars.
Şərh: Hər şey o qədər sürətlidir ki, insanlar bir müddətdən sonra 30 saniyəyə Marsa da çata biləcəklər. Hər dəfə dövr edərkən Fobos Marsa 1,8 metr yaxınlaşır. Dupletin birinci hissəsindən sonra sizin Mars cavabına çıxmağa 30 saniyəniz vardı.
Mənbə: http://www.space.com/47-mars-the-red-planet-fourth-planet-from-the-sun.html
http://www.lyricshall.com/biography/30+Seconds+To+Mars/
Müəllif: Emin Məsimli


Sual №3: Dupletin üstdəki sualı.
1.
Məscid başdan-başa bir xəzinədir,
Yatır İmam Hüseyn daş-qaş içində.
Əgər imam haqsa, bu ALFA nədir?
ALFAYA möhtacmış, imam da, din də...


Dupletin altdakı sualı.
2. Bir çox ölkələrdə, o cümlədən ölkəmizdə də tarix boyu X-dən həm yanacaq, həm də tikinti materialı kimi istifadə olunmuşdur. X-i tapın.

Cavab: Cavab kartının üst hissəsində: 1. Bəzək
             Cavab kartının alt hissəsində: 2. Təzək
Şərh: Məscid başdan-başa bir xəzinədir,
Yatır İmam Hüseyn daş-qaş içində.
Əgər imam haqsa, bu bəzək nədir?
Bəzəyə möhtacmış, imam da, din də... (Bəxtiyar Vahabzadə)

2-ci sualda söhbət təzəkdən gedir.
Azərbaycan məsəlinə uyğun olaraq, “üstü bəzək, altı təzək”.

Müəllif: Rusif Hüseynov


Sual №4: Aparıcı üçün qeyd: Ənənəvi dupletlərdən fərqli olaraq birinci sualın cavabını altda, ikinci sualın cavabını isə üstdə yazsınlar.
1. Leonardo Da Vinçinin “Sonuncu şam yeməyi” əsərində stolun üzərində təsvir olunan bu tezliklə baş verəcək xəyanətin xəbərçisi hesab olunur. Bunu eyni hərf başlayan iki sözlə cavab kartlarınıza yazın.

2. Tahir Əmiraslanov Azərbaycanda şəkər istehsalının qədimdən bəri mövcud olduğunu deyir və bir mənbəmizdəki səhvi düzəldərək X-in Rusiyadan Azərbaycana deyil, Azərbaycandan Rusiyaya ixrac olunduğunu əlavə edir.X-i bir sözlə cavab kartlarınıza yazın.

Cavab: 1. Dağılmış duz
            2. Qənd
Şərh: Bildiyiniz kimi duzun dağılması bir çox ölkələrdə uğursuzluq simvoludur və əsərində Da Vinçidə bundan istifadə edib və İudanın bilmədən əli dəyərək duzu dağıtması pis hadisəyə və xəyanətə işarə edir. Tahir Əmiraslanov ixrac olunan şəkər tozu və qəndi nəzərə alaraq “Həştərxandan gələn gəmi qənd dolu” yox “ Həştərxana gedən gəmi qənd dolu” olmalı olduğunu deyir. Ümumi şərh: Belə demək mümkünsə sual müəllifidə batil inanca əməl etdi və dağılmış duzun üzərinə qənd qoydu.
Müəllif: Emil Yusublu


Sual №5:  Qeyd : Komandalar sualların cavablarını iki ayrı cavab kartında qeyd etsinlər.
Aparıcı üçün qeyd : Hər komanda iki cavab kartı gətirməlidir.
1. Versiyalardan birinə görə “X” ərəb dilindəki “örtmək, gizlətmək” mənasını verən sözdən yaranmışdır. “X” məşhur bir kitabda 72-cidir. “X”i tapın.
2. Versiyalardan birinə görə “Y” ərəb dilindəki “haqqdan uzaq, sapqın” mənasını verən sifətdən yaranmışdır. “Y” sözü eyni kitabda 88 dəfə işlənmişdir. “Y”i tapın.

Cavab: 1. Cin 
             2. Şeytan
Şərh: Sualın əvvəlində biz cavabların iki ayrı cavab kartında gətirilməsini istəmişdik. Bununla da “cin ayrı, şeytan ayrı” məsəlinə işarə vurulurdu.
Mənbə:  http://tr.wikipedia.org/wiki/Cin http://tr.wikipedia.org/wiki/%C5%9Eeytan http://www.estanbul.com/kuran-daki-ilginc-sayilar-24481.html#.UqriTNIW3ow http://en.wikipedia.org/wiki/Satan
Müəllif: Babək Qasımzadə


Sual №6: 1) "O, belində Zam Zammah tüfəngi ilə yerlilərin Lahor muzeyi deyə adlandırdığı köhnə Acaib Qehr - möcüzələr evinin qabağında, kərpic platformun üstündə oturmuşdu. Əgər KİM od saçan əjdaha olan Zam-Zammah silahını tutursa bütün Pəncab ona məxsus hesab edilirdi."
Eşitdiyiniz hissə bir romandandır. Sual müəllifinin fikrincə bu hissəni iki sözlə adlandırmaq olar. Həmin iki sözü cavab kartınıza yazın.
          
               2) BU 2011-ci il, dekabr ayının 17-də qatarda baş vermiş infarkt nəticəsində gəlmişdi. BUnu iki sözlə deyin.

Cavab: 1)Kimin əvvəli.
             2)Kimin axırı.
Şərh: 1) Sualda səslənmiş hind toponimi və xüsusi vurğu ilə qeyd olunmuş "kim" sözü Redyard Kiplinqin “Kim” romanından çıxmağa kömək edə bilərdi. Eşitdiyiniz  romanın başlanğıc hissəsidir. Sual müəllifinin fikrincə bu hissəni “Kimin əvvəli” adlandırmaq olar. 
         2) Sualda söhbət Şimali Koreya lideri Kim Çen İrin ölümündən gedir. Kimin axırı , o, qatarda ikən keçirdiyi infarkt nəticəsində çatmışdı. Sualdan öncə deyilmiş sözlər də ipucu idi. Bildiyimiz kimi, "kimin əvvəli, kimin axırı" bizim dildə olan deyimlərdən biridir.
Müəllif: Səbuhi Göyüşov.


Sual №7: Mono-Duplet. (Mono-duplet müəllif tərəfindən yaradılmış sual formasıdır. Burada dupletin suallarından birini tapmaq yetərlidir. İkinci sualda ərəbcə yazıdan başqa heç nə verilməsin) 

1. Tahir Əmiraslanov yazır: “Hind mifologiyasına görə əvvəllər göy yerə çox yaxındı və Allahlar yerə enirdilər. Möminlər isə göyə qalxırdılar. Bir dəfə gənc, igid, mömin bir oğlan göyə qalxır və onun toxumlarını görüb bunun nə olduğunu soruşur. Yerdə belə şey hələ yox idi. Oğlanı ilah Pua Lamoanın yanına gətirirlər. Pua Lamoa oğlanı suda bişmiş ona qonaq edir. Yemək oğlanın çox xoşuna gəlir. Amma onun toxumlarını göyün sərhədini qoruyanlar yerə aparmağa qoymurlar. Oğlan bir dəfə lotos vəziyyətində oturanda, dabanında çatlar olduğunu görür. Yenidən göyə qalxıb onun toxumlarının üzəri ilə yeriyir. Bir neçə toxum dabanındakı çatlara girib qalır. Yerə düşəndən sonra o toxumları əkir. Və beləliklə BU yaranır”

2.
Siz hal-hazırda BUNU EDİRSİNİZ. Bir məqalədə deyilir ki, yuxuda BUNU ETMƏK ailə içində xəstəliklərə şəfa tapmaqdır. BUNUN ETMƏKLƏ əvəz olunmuş sözləri deyin

Cavab: Aş (və ya plov)
Şərh: Siz birinci hissədə aşı gördünüz ikinci hissədə isə Quranı görürdünüz. Belə demək mümkündürsə “aşı gördünüz Quran yaddan çıxdı.
Mənbə: https://www.facebook.com/1116039301770766/photos/a.1116052698436093.1073741829.1116039301770766/1132549713453058/?type=3&theater
Müəllif: Elmidar Süleymansoy


Sual №8: Aparıcı üçün qeyd: Komandalar cavabları onlara paylanan cavab kartlarında yazmalıdırlar. Hər cavab bir cavab kartına yazılacaq.

1) Bir verilişin aparıcısı zarafatla çox nadir rast gəlinən astat elementinin kütləvi istifadəsini BUnunla əlaqələndirir. BUnu bir simvolla cavab kartınıza yazın.
2) Erkən müasir ingilis dilində bundan ilk dəfə vasitəsiz nitqi ifadə etmək üçün istifadə olunmuşdur. Bunu bir simvolla cavab kartınıza yazın.

Cavab: 1) @  (ət işarəsi)
             2)""  (dırnaq işarəsi)
Şərh: 1) Astat elementinin kimyəvi simvolu At-dır, aparıcı At və @ işarələri arasında bağlantı yaradaraq astatın əslində çox istifadə edildiyini deyir. 
           2) Hal-hazırda dilimizdə də vasitəsiz nitqi və xüsusi isimləri ifadə etmək üçün isə dırnaq işarəsindən istifadə olunur.
Cavabların bir-birinə bitişik olan ayrı-ayrı cavab kartlarında istənməsi isə Azərbaycan məsəlində işlədilən “ət dırnaqdan ayrılmaz” ifadəsinə işarə idi.
Müəllif: Hikmət Əliyev.


Sual №9: 1. O, dayısı II Bəyazidin köməyi ilə Təbrizdə taxta çıxa bilmişdi. Onun kim olduğunu 2 sözlə cavab kartlarınıza yazın.

2. Hicri təqvimi ilə təqribən 800-cü illərdə anadan olmuşdur. Tam adında Nüsrətəddin Əbu-Nəsr sözlərini oxumaq olar. Onun dövründə sadə əhaliyə dini çatdırmaq üçün "Quran" Azərbaycan dilinə tərcümə olunmuşdu. Qərb dünyasında fəaliyyətinə görə ona "İkinci Teymur"  adı verilib. Sarayında 58 nəfərlik elmi məclis qurulmuş və musiqi zövqünün oxşanması üçün 98 nəfərlik ansabml qurulmuşdu. Onun kim olduğunu 2 sözlə cavab kartlarınıza yazın.

Cavab: 1. Gödək Əhməd
            2. Uzun Həsən
Şərh: Göründüyü kimi sual mətnlərindən birincisi həddən artıq qısa, yəni gödək, ikincisi isə həddən artıq uzun qurulmuşdu. Birinci sualda Fateh Sultan Mehmedin və Uzun Həsənin nəvəsi olan Gödək Əhmədin 1496-cı ildə taxta çıxmasından söhbət açılırdı. Gödək Əhmədin dayısı Sultan II Bəyazid idi. Uzun Həsən haqqında isə nisbətən geniş məlumat verilmiş və onun fəaliyyətləri açıqlanmışdı.
Mənbə: http://www.anl.az/down/meqale/525/2014/noyabr/400338.htm
           Ə.Qocayev "Uzun Həsən-Hökmdarlar və sərkərdələr"
Müəllif: Eşqin İbrahimov


Sual №10: 

1. 1992-ci il Barselonada keçirilən Olimpiya oyunlarının açılışında Antonio Rebollo [Buraxılmış iki söz ]stadiondakı olimpiya məşələni yandırdı. Buraxılmış iki sözü yazın.

2. Mikelancelonun “Qiyamət günü” freskasında bir çox müqəddəs ölümlərinə səbəb olan şeylərlə təsvir edilib. Freskadan sizə verilmiş hissədə Sebastian təsvir olunsada Mikelancelo təsvirdə [Buraxılmış iki söz ] . Buraxılmış iki sözü yazın.

Cavab: 1) Ox atıb
             2) Yayı gizlədib.
Şərh: 1) Barselonadakı açılış mərasimində oxçu Antonio Rebollo uzaq məsafədən ox atıb Olimpiya məşəlini yandırır.
         2) Mikelancelo freskada bir çox müqəddəsləri ölümlərinə səbəb olan şeylərlə təsvir etmişdi. Bildiyiniz kimi Sebastian dirəyə bağlanmış və oxlanaraq öldürülmüşdü. Bildiyiniz kimi Sebastian dirəyə bağlanmış və oxlanaraq öldürülmüşdü. Mikelancelo da ona görə onu sanki əlində xəyali bir yay tuturmuş kimi təsvir edib və belə demək mümkündürsə izləyicilərdən yayı gizlədib. Sual dilimizdə işlənən “Yayı atıb , oxu gizlətmək” ifadəsinə əsasən hazırlanıb.
Müəllif: Emil Yusublu