10-un müəllifi - Toğrul Qurbanov - Sualtap

10-un müəllifi - Toğrul Qurbanov


Bu dəfəki "10"-un müəllifi "Diplomat" komandasının təcrübəli, çox dərin məlumatlara malik üzvü , məhsuldar - keyfiyyətli sual müəllifi və güclü oyunçu Toğrul Qurbanovdur. Bu da Toğrulun qələmindən çıxan və özünün ən sevdiyi "10" sual!

Sual №1: 1819-cu ildə Qlazqoda anadan olan bu şəxs haqda danışan kulturoloq Lev Nikolayev onun istedadını köpək balığının dənizdə bir neçə mil uzaqlıqda qan iyini hiss eləməsi ilə müqayisə etmişdir. Siz isə onun kim olduğunu deyin.

Cavab: Alan Pinkerton
Şərh:Şotland əsilli məşhur amerikalı cəsus Alan Pinkerton ABŞ Vətəndaş müharibəsi zamanı Birliyin kəşfiyyatı üçün çalışmışdır. Onun yaratdığı şirkətin emblemində bu sözlər yazılmışdır: “Biz heç zaman yatmırıq”. Bildiyimiz kimi, köpəkbalıqlarının bir saniyə belə gözünü yumması onların ölümünə səbəb ola bilər. 
Müəllif: Toğrul Qurbanov


Sual №2: İlk dəfə 1929-cu ildən istifadə olunmağa başlayan bunun içərisində Müqəddəs Xristoforun venzelinin naxışlı tikişinə rast gəlmək olar. Bunun nə olduğunu mürəkkəb latın mənşəli sözlə cavab kartlarınıza yazın.

Cavab: Papamobil
Şərh: Bildiyimiz kimi, Müqəddəs Xristofor İsa Məsihi uşaq ikən belində daşımışdır. Papamobil avtomobilləri isə 1929-cu ildən başlayaraq papaların səfərləri zamanı istifadə olunur. Həmçinin, Müqəddəs Xristofor səyyahların hamisi sayılır.
Müəllif: Toğrul Qurbanov


Sual №3: Balzak “Şaqren dərisi” romanında oyun zalına daxil olan Rafaeli görən oyunçuların ona hərəkətsiz, diqqətlə və səssiz şəkildə baxmasını təsvir edərkən oyun zalını Alfa ilə müqayisə etmişdir. Viktor Hüqo isə Alfanı sərt ədalətin simvolu adlandırmışdır. Alfanı iki sözlə cavab kartınıza yazın.

Cavab: Qrev meydanı
Şərh: Balzak Rafaelə  hərəkətsiz, diqqətlə və səssiz şəkildə baxan oyunçuları Qrev meydanında kiminsə başını kəsəcək cəlladı gözləyən əhali kütləsi ilə müqayisə etmişdir. 
Müəllif: Toğrul Qurbanov 


Sual №4: Orta əsrlərdə hesab olunurdu ki, erkək fillər nəsil artırmağa çəkindiklərindən dişi fillər müxtəlif vasitələrlə onlarda bu instinkti yaratmağa çalışırdılar. Bu səbəbdən Arcimboldo  bir rəsmində erkək fili simvolik olaraq ALFADA təsvir etmişdir. Maraqlıdır ki, qədim yunanlar ALFANI “alma” mənasını verən eyni sözlə adlandırırdılar. ALFA ilə əvəz olunmuş sözü deyin.

Cavab: Yanaq
Şərh: Orta əsrlərdə erkək fil utancaqlığın simvolu hesab olunurdu. Belə ki onların nəsil artırmağa meyili olmamasını onların utancaq olması ilə əlaqələndirirdilər. XVI əsrə aid bir mənbə isə Arcimboldonun "Torpaq" rəsmi idi. Rəssam utancaqlıqdan yanaqların qızardığını bildirmək üçün fili insan portretinin yanağı qismində təsvir etmişdir. Maraqlıdır ki, dilimizdə də adətən gözəllik simvolu olaraq “alma yanaq” ifadəsindən istifadə edilir.
Müəllif: Toğrul Qurbanov


Sual №5: 

Qarşınızda Amazon cəngəlliklərində yaşayan yanomami hindu qəbiləsinin yaşayış yeri olan şabonodur. Antropoloq Andrey Matusovski qəbilə üzvlərinin Alfaya  sahib  olmasını şabonolarla bağlı olduğunu bildirmişdir. Daniel de Barandian yanomamo qəbilə üzvlərinin sahib olduğu Alfanın yanomamilərin Ay ilahəsi Pulipulibaradan əmələ gəlməsinin simvolik işarəsi olması kimi rəy vermişdir. Alfanı latın mənşəli sözlə deyin.

Cavab: Tonzura
Şərh: Antropoloq Andrey Matusovski şabonoların vəhşi təbiətlə insan sivilizasiyası arasında sərhəd rolunu oynamasını bildirmişdir. O, yanomamilərin tonzura saç düzümünə sahib olmalarını şabonolarla əlaqələndirmişdir. Beləki bu saç düzümü ancaq şabonoların tikilməsi icazə olunan yerlərdə yayılmışdır və təbii ki görünüşünə görə bir-birinə çox bənzərdir. Daniel de Barandian isə gur qara saça malik yanomami qəbiləsinin üzvünün şəklinə rəy verərkən bütün yanomamilərin ay ilahəsindən yarandığını bildirərək tonzuranın gur qara saçlar arasında Aya oxşadığını qeyd etmişdi.
Müəllif: Toğrul Qurbanov


Sual №6: Qədim dövrdə skif dəmiri öz yüksək keyfiyyəti və möhkəmliyi ilə seçilirdi. Siz isə bu haqda ilk dəfə hansı əsərdə məlumat verildiyini deyin.

Cavab: "Zəncirlənmiş Prometey"
Şərh:İlk dəfə Esxil dəmirin Skifiyada tapıldığını bildirmişdir. Bildiyimiz kimi, skif tayfaları Qafqazda məskunlaşmışdır.  Əsərdə də Zevsin əmri ilə Prometey Skifiyada zəncirlənmişdir.
Müəllif: Toğrul Qurbanov


Sual №7: Çestertonun romanının qəhrəmanı növbəti stansiyanın "Viktoriya" olacağını qışqıran konduktoru onlarla müqayisə etmişdir. Maraqlıdır ki, onlar üçün lazımi olan spesifik biliklərdən biri zadəgan ailələrinin nəsil şəcərəsini bilmək, cəngavərləri gerbindən tanımaq idi. Onların kim olduğunu deyin

Cavab: Herold
Şərh: Orta əsrlərdə cəngavərlər arasında baş verən turnirlərdə kimin qələbə qazanmasını bildirən şəxslər heroldlar adlanırdı. Onlar turnirdə iştirak edəcək cəngavərləri gerbindən tanımalı idi. Heraldika elminin yaradılması onlara aid edilir. Əsərdə də "Viktoriya" stansiyasını qışqıran konduktorun səsi ona "Qələbə" sözünü qışqıran heroldu xatırlatmışdır.
Müəllif: Toğrul Qurbanov


Sual №8: II Dünya müharibəsi zamanı fəaliyyət göstərmiş Terezinştadt əmək-islah düşərgəsi hər bir şərait yaradılmış ən nümunəvi gettolardan hesab olunurdu. Maraqlıdır ki, bir müddət burada yaşamış rəssam Osvald Pök gettonun topoqrafiyasını nəzərə alaraq bura üçün xüsusi İKS də hazırlamışdır. İKSi yazın

Cavab: Monopoliya oyunu
Şərh: Nasistlər Terezinştadt gettosunda yəhudilər üçün hər bir şəraitin olduğunu dünyaya çatdırmaq üçün burada daxili valyutası olan bank, poçt, sanitar məntəqəsi və bu kimi obyektlər yaratmışdılar. Rəssam Osvald Pök gettodakı mövcud topoqrafiyaya müvafiq olan xüsusi monopoliya oyununu yaratmışdır.
Müəllif: Toğrul Qurbanov


Sual №9: Vaxtilə Manhetten layihəsinin iştirakçısı olmuş kimyaçı alim Uillard Libbidən danışan yazar onun kəşfindən bir müddət sonra çalışdığı laboratoriyasının getdikcə kunstkameraya çevrildiyini qeyd edir.1 dəqiqədən sonra onun nəyi kəşf etdiyini deyin.

Cavab: Radiokarbon tarixləşdirmə üsulu
Sayılma meyarı:  Karbon analizi
Şərh: Libbi Manhetten layihəsində çalışdığı müddətdə kosmik şüalanma nəticəsində radioaktiv karbonun vasitəsilə arxeoloji tapıntəların yaşını müəyyən etmək metodunu yaratmaq barədə düşünmüşdür. Maraqlıdır ki, etdiyi kəşfdən sonra onun metodunun düzgünlüyünü yoxlamaq üçün dünyanın hər bir yerindən arxeoloji tapıntı nümunələri göndərilməyə başlamışdır. Müəllif getdikcə Libbinin laboratoriyasının nadir tapıntıların olduğu kunstkamera ilə müqayisə etmişdir. 1960-cı ildə Libbi karbon analizinə görə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Karbon analizi karbonun radioaktiv izotopu olan radiokarbonun xüsusiyyətlərini istifadə edərək obyektin yaşının müəyyən edilməsi üsuludur. Bu üsuldan hal-hazırda da geologiya, botanika, arxeologiya kimi elm sahələrində istifadə olunur.
Müəllif: Toğrul Qurbanov


Sual №10: Xuey-çzunun “İpək hazırlayan qadınlar” rəsminin səhnələrindən birində kömür qızaran sobanın yanında oturan qadın təsvirinə və qış peyzajına rast gələ bilərik.  Rəssamın qış peyzajını nəyin üzərində təsvir etdiyini cavab kartınıza yazın. 

Cavab: yelpik
Şərh: Rəssam sobanın ətrafında kömürü alovlandıran qadına isti olmaması üçün onu əlində yelpik tutan görkəmdə təsvir etmişdir. O qadına sərin olmasını bildirmək üçün yelpiyin üzərində qış peyzajını təsvir etmişdir.

Müəllif: Toğrul Qurbanov