10-un müəllifi - Rahib Məhərrəmzadə - Sualtap

10-un müəllifi - Rahib Məhərrəmzadə


"10"-un müəllifi rubrikasının növbəti qonağı "Hərum" komandasının kapitanı, güclü oyunçu, təcrübəli və məhsuldar sual müəllifi Rahib Məhərrəmzadədir. Buyurun, Rahib Məhərrəmzadənin ən sevdiyi "10" sualı ilə tanış olun!


Sual №1: Hacıbəyovların 1940-cı illərdə vəfat etmiş qohumu Əzizə xanım və 1963-cü ildə Türkiyədə vəfat etmiş Məmnunə xanım haqqında oxuyan sual müəllifi diqqət yetirmişdir ki, sualda göstərilən dövrlərə qədər BURAXILMIŞ SÖZLƏR. Bir mənbədə BURAXILMIŞ SÖZLƏR Məmmədrza Şeyxzamanova qarşı işlədilmişdi. BURAXILMIŞ SÖZLƏRi cavab kartınıza yazın.
Cavab: Əhmədin anası (hələ) ölməyib
Sayılma meyarı: mənaya uyğun cavablar
Şərh: Sualda qadınların ölüm tarixlərinin verilməsi sizə kömək etməli idi. Belə ki, bildiyimiz kimi Hacıbəyovlar aktyor Əhməd Ağdamskinin xalası oğullarıdır və Əzizə xanım da Ağdamskinin anasıdır. 1963-cü ildə Türkiyədə vəfat edən isə baş nazir Əhməd Davudoğlunun anası idi və onlar qeyd olunan tarixlərə qədər hələ ölməmişdilər. “Əhməd haradadır?” filmində isə Nərgiz xala məşhur “Əhmədin anası ölməyib ki ona əl qaldırasan!” ifadəsini söyləyərək oğlunu müdafiə etmişdi.
Mənbə: 1. https://az.wikipedia.org/wiki/%C6%8Fhm%C9%99d_A%C4%9Fdamski
2. http://www.sondevir.com/?aType=haber&ArticleID=196427
3. “Əhməd haradadır?” filmi (1963). Rejissor: Adil İsgəndərov, dəqiqə 16
Müəllif: Rahib Məhərrəmzadə




Sual №2: Bir məqalədə XIX əsrin ortaları-XX əsrin əvvəllərində Bakıda sənayenin inkişafı nəticəsində, şəhərin iri sənaye mərkəzinə çevrilməsindən, Rokfeller, Nobel, Rotşildlər kimi xarici şirkətlərin Bakıya gəlməsindən, Azərbaycanın və dünyanın hər yerindən Bakıya insan axınının sürətlənməsindən bəhs olunur. Məqalənin adını eyni hərflə başlayan üç sözlə yazın.
Cavab: Qara qızıl qızdırması
Sayılma meyarı: yalnız dəqiq cavablar
Şərh: Qeyd olunan dövrdə Bakının yüksəlişi neft sənayesinin inkişafı ilə bağlı idi. Neftin fontan vurması nəticəsində rayonlardan və xaricdən bir çox insanlar, o cümlədən xarici şirkətlər nefti ələ keçirmək üçün acgözlüklə şəhərə axın edirdilər. Bildiyimiz kimi, XIX əsrin ortalarında insanların qızıl axtarmaq üçün ABŞ-a kütləvi surətdə axını “qızıl qızdırması” adlanır. Məqalə də buna uyğun olaraq “Qara qızıl qızdırması” adlandırılıb.
Mənbə: http://archive.teleqraf.com/news.php?id=16019#.VT7UhGiUcrY
Müəllif: Rahib Məhərrəmzadə

Sual №3: Maraqlıdır ki, bu yapon rejissorun filmoqrafiyasında 1942-ci ildə çəkilmiş “Havay adaları rayonu və Malay arxipelaqında dəniz vuruşması” adlı film də yer alır. Həmin rejissorun heç olmasa soyadını tapın.
Cavab: Yamamoto
Sayılma meyarı: Kajiro Yamamoto
Şərh: 1941-ci ildə yaponlar ABŞ-ın Havay adalarında yerləşən Pörl-Harbor adlı hərbi bazasını partlatmışdılar. Sözügedən əməliyyata İsoroku Yamomoto adlı yapon marşalı rəhbərlik edirdi.Maraqlıdır ki, sualda adı çəkilən film onunla eyni soyadı daşıyan yapon rejissor tərəfindən ekranlaşdırılmışdır.
Mənbə: 1. Ayna Uşaq Ensiklopediyası: Teatr və kino. Həyatın hər iki üzü.Bakı 2004; səhifə 73.
Müəllif: Rahib Məhərrəmzadə

Sual №4: Bir filmdə Sergey Yurskinin canlandırdığı obraz İKS olduğu üçün digər şəxslərin danışıqlarını və dedikləri bir çox sözləri başa düşmür. İKS “Əhlikef” əsasında çəkilib. İKSi tapın.
Cavab: Fransız
Sayılma meyarı: yalnız dəqiq cavablar
Şərh: Aktyor Sergey Yurskinin canlandırdığı ən məşhur obraz ”Dərviş Parisi partladır” filmindəki Müsyö Jordan obrazıdır. Dilimizdə hər hansı bir şəxsin söhbəti anlamadığı zaman işlədilən “söhbətə fransız qalmaq” ifadəsi mövcuddur. Müsyö Jordan da fransız olduğu üçün danışılan sözləri anlamaqda çətinlik çəkir və sözün əsl mənasında söhbətə fransız qalır. Sualın ikinci hissəsində isə söhbət 1995-ci ilə aid “Fransız” filmindən gedirdi. Film “Əhlikef” povesti əsasında çəkilib ki, bu da sizə əlavə kömək ola bilərdi. Belə ki, “fransız xalqı kef eləyir” ifadəsi də kifayət qədər məşhurdur. J
Mənbə: 1. “Dərviş Parisi partladır” filmi (1976). Quruluşçu rejissorlar: Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyov; dəqiqə 17, 41.
Müəllif: Rahib Məhərrəmzadə

Sual №5: Duplet!
Sual müəllifinin fikrincə, birinci sualın cavabını yazmadan ikinci sualı tapa bilməyəcəksiniz.
1. 1957-ci ildə Alber Lamoris tərəfindən yaradılmış bu oyunda oyunçular təxmini olaraq xəritə üzərində öz hədəflərini seçib gizləyirlər. Lakin onlar bu seçimin onlara uğur qazandıracağını əvvəlcədən bilmirlər. Həmin oyunun adını tapın.
2. Şeirdən bir beytə qulaq asın:
Şöhrətində o mey sanki ruh açan bir reyhandı,
Əsli Firəng yurdundandı, ləqəbi də BURAXILMIŞ SÖZ`dü.
BURAXILMIŞ SÖZ`ü tapın.

Cavab: 1. Risk  2. Şampan
Sayılma meyarı: yalnız dəqiq cavablar
Şərh: 1) Oyunda oyunçular seçimlərinin onlara uğur qazandıracağını bilmədən təxmini seçim edərək bir növ risk etmiş olurlar. Oyunun adı da elə bununla bağlıdır.
2) Sualda qeyd olunan əsas açar söz "mey" sözü idi. Firəng sözü sizi Fransaya aparmalı idi, həmçinin şeirdəki qafiyələnmə də sizə kömək edə bilərdi. Risk etməyən şampan içmir.

Mənbə: 1) http://tr.wikipedia.org/wiki/Risk_(oyun)
              2) Abbasqulu ağa Bakıxanov - “Bədii əsərləri”, Bakı 1973
Müəllif: Rahib Məhərrəmzadə


Sual №6: Bəzi dialektlərdə "burun" sözünün sinonimi kimi işlədilən İKSin izahında "sifətinə narazı bir ifadə vermək" sözlərindən də istifadə olunur. İKSi saitləri eyni olan bir sözlə cavab kartınıza yazın.
Cavab: Mısmırıq
Sayılma meyarı: yalnız dəqiq cavablar
Şərh: Dilimizdə hər hansı bir şeydən naralığını ifadə etmək üçün mısmırığını sallamaq ifadəsindən istifadə olunur. Məhz mısmırıq sözü dilimizdə bir çox dialektlərdə burun sözünün sinonimi kimi işlədilir.
Mənbə: 1. “Azərbaycan dilinin frazeologiya lüğəti”. Bakı 2015.
Müəllif: Rahib Məhərrəmzadə

Sual №7: Yazıçı Anar Azərbaycan ədəbiyyatında ALFA haqqında danışarkən dillər əzbərinə çevrilmiş poetik nümunələri  xatırlayır. ALFA haqqında digər məqalədə isə “omoqraf” sözü də xatırlanır. ALFAnı qonşu hərflərlə başlayan iki sözlə yazın. 
Cavab: Vurğunun yeri
Sayılma meyarı: yalnız dəqiq cavablar
Şərh: Azərbaycan ədəbiyyatı və poeziya dedikdə ilk ağla gələn şəxslərdən biri Səməd Vurğundur. Yazıçı Anar Azərbaycan ədəbiyyatında Vurğunun yeri haqqında danışarkən dillər əzbərinə çevrilmiş poetik nümunələri xatırlayır. Azərbaycan dili dərsliklərindən bizə məlum olan “omoqraf” sözü vurğunun yerinin dəyişməsi halında sözün mənasının dəyişməsini bildirir
Mənbə: 1. http://medeniyyet.az/page/news/11220/Xalq-sairi-ile-vidalasdi.html?lang=en
               2. https://az.wikipedia.org/wiki/Leksika
Müəllif: Rahib Məhərrəmzadə


Sual №8: Rekvizit:
Qarşınızdakı birinci şəkildəki şəxs Boyasa döyüşündə iştirak etmiş və 1821-1827-ci illərdə vitse-prezident işləmiş Fransisko de Paul Santanderdir. Onu belə desək, X adlandırmaq olar. İkinci şəkildəkini 1939-1940-cı illərdə X-də görmək olardı. X-i üç sözlə cavab kartınıza yazın.
Cavab: Simonun sağ əli
Sayılma meyarı: yalnız dəqiq cavablar
Şərh: Boyasa döyüşündən sonra Kolumbiya müstəqillik qazanmış və Simon Bolivar ölkənin ilk prezidenti, onun yaxın silahdaşı, dostu və köməkçisi general Santander isə vitse-prezident vəzifəsini tutmuşdu. Buna görə də onu “Simonun sağ əli” adlandırmaq olar. İkinci şəkildəki isə snayper Simo Hayhanın “Qış müharibəsi”ndə istifadə etdiyi silahdır. Onu da bir çox şəkillərdə Simonun sağ əlində görmək olar.
Mənbə: 1. http://latinamericanhistory.about.com/od/thehistoryofcolombia/p/08fpsantander.htm
Müəllif: Rahib Məhərrəmzadə

Sual №9: Blits!
1. Var, miqdar, bidar, rüxsar, əsrar, şəhvar, xar. XVI əsrə aid mənbədə sadalananlardan sonra işlədilən İKSi tapın.
2. Rafael Hüseynov məqalələrindən birində Bəxtiyar Vahabzadənin Füzuli yaradıcılığını yüksək qiymətləndirdiyini və onun Füzulini İKSin İQREKi kimi qəbul etdiyini yazır. İKS və İQREKi cavab kartlarınıza yazın.
3. “Öd İQREK yasar, kisi oğlı kop ölçülü törümis”
Oxunan sitat Kültigin abidəsindən götürülüb. İQREKi tapın.

Cavab: 1. Söz ; 2. Söz və Tanrı ; 3. Tanrı
Sayılma meyarı: 3. Tenqri
Şərh: Birinci sualdasöhbət Məhəmməd Füzulinin “Söz” qəzəlindən gedirdi. Sadalanan sözlər qəzəldə söz sözündən əvvəl işlədilən həmqafiyələr idi. Tələb olunan söz elə söz idi. İkinci sualda Rafael Hüseynov Bəxtiyar Vahabzadənin Füzulinin qəbrini ziyarət etdiyindən danışarkən şairin Füzulini sözün tanrısı olaraq qəbul etdiyini qeyd edir. Üçüncü sualda oxunan sözlərin qədim türk dilində olduğunu anlamaq olardı. Buraxılmış söz isə Orxon-Yenisey abidələrində oxunan ilk söz olan Tanrı (Tenqri) sözü idi. Blits Bibliyadakı məşhur sitata həsr edilmişdi: “Hər şeydən əvvəl söz vardı, o söz tanrı ilə vardı və o söz tanrı idi.”
Mənbə:  1. https://az.wikisource.org/wiki/S%C3%B6z_(F%C3%BCzuli)
               2. http://heb.science.gov.az/az/news/1587/
Müəllif: Rahib Məhərrəmzadə

Sual №10: Aqata Kristinin “Böyük Dördlük” əsərində oyun zamanı öldürülən şahmatçı Gilmor Uilsonun ölümünə səbəb X-ə verilən elektrik cərəyanı idi. Bir məqalədə “Quş yuvası”nın artıq X-ə çevrildiyi qeyd edilir. X-i birinci növ təyini söz birləşməsi ilə cavab kartınıza yazın.
Cavab: Ağ fil
Sayılma meyarı: yalnız dəqiq cavablar
Şərh: Quş yuvası dedikdə Çində Olimpiya üçün tikilmiş stadion nəzərdə tutulur. Belə ki, Olimpiyadan sonra artıq stadiondan istifadə edilmədiyi və onun Çin üçün əlavə yükə çevrildiyi vurğulanır və o, ağ fil ilə müqayisə edilir. Əsərdə şahmatçı Gilmor Uilson oyun zamanı ağ filə toxunarkən onu cərəyan vurmuş, nəticədə o, həyatını itirmişdi.
Mənbə: 1. Aqata Kristi - “Böyük Dördlük” əsəri, Bakı 2013, səhifə 130
Müəllif: Rahib Məhərrəmzadə