10-un müəllifi - Eşqin İbrahimov - Sualtap

10-un müəllifi - Eşqin İbrahimov


Bu dəfə öz sevdiyim 10 sualımı sizinlə paylaşıram. Qarşıdakı günlərdə isə Bakı memarlığı haqqında 10 gözəl sualı oxuya biləcəksiniz.

Sual №1: 1978-ci ildə ekranlaşdırılmış "Od içində" filmində məhz bu aktyorumuz "Tomar bəy" rolunu canlandırmışdı. Bu aktyorun adını cavab kartlarınıza yazın.

Cavab: Səməndər 
Sayılma meyarı: Səməndər Rzayev
Şərh: Avropa dillərində od içində yaşayan "Salamandra" sözü dilimizdə Səməndər formasına düşmüşdür. Maraqlıdır ki, 1978-ci ildə çəkilmiş "Od içində" filmində məşhur aktyorumuz Səməndər Rzayev baş rollardan birini canlandırmışdı.


Sual №2: Duplet:
1. "Məşhər" romanında müəllif Nəsimi ilə Əmir Teymurun görüşməsini təsvir edərkən yazır:
"Qolları bağlanmış halda dayanan Nəsimi birdən Divin gəldiyini hiss edir, onun zəhmi, ayaq zərbələrinin səsi ətrafa sükut çökməsinə səbəb olmuşdu".
Əsərdən gətirilən sitatda sizdən gizlədilmiş bir sözü tapın.

2."Məşhər" romanında qeyd olunur ki, Dərbəndi sülaləsindən olan İbrahimə şah olması xəbəri o, əkinçiliklə məşğul olduğu vaxt gəlmişdi. Elə buna görə də xalq ona “rəncbər şah” deyirdi. Sizsə İbrahimin şah olduqdan sonra taxtının üstünə nə asdığını yazın.

Cavab: 
1. Tək
2. Cüt
Şərh: 1. Yazıçı İsa Muğanna əsərdə hər nöqtəyə, hər cümləyə xüsusi diqqət yetirmiş və məntiqi səhvlərin olmamasına səy göstərmişdi. Məlum olduğu kimi sağ ayağı şikəst olan Əmir Teymurun ayaq zərbələri ola bilməzdi. Ona görə yazıçı buraya "tək" sözünü artırmaqla "tək ayaq zərbələri" ifadəsini qurmuş və beləliklə, məntiqiliyi saxlamışdı.
         2. Sualda deyildiyi kimi əvvəllər əsasən əkinçiliklə məşğul olan İbrahim şah əsas əmək vasitəsi kimi "cüt"dən istifadə etdiyindən keçmişini daima gözünün önündə saxlamaq üçün taxtının üstünə həmin cütü asdırmışdı.


Sual №3: 
Bunu etməklə əlaqədar olan məqalələrdən biri "Bu gün vəsiyyət etdim" cümləsi ilə başlayır. Sizin qarşınızdakı rekvizit bunu etməklə bağlı sosial reklamdır. Bir dəqiqədən sonra bunu etməklə əvəz etdiyimiz 2 sözü cavab kartlarınıza yazın.

Cavab: Orqan bağışlamaq
Şərh: İnsanlar əsasən orqan bağışlamaq məsələsini vəsiyyətlərində əks etdirirlər. Seçilən məqalə də "Bu gün vəsiyyət etdim...Orqanlarımı bağışladım" şəklində davam edirdi. Sosial reklam da orqan bağışlamağa aiddir və sloqanı "Orqan bağışlayın, həyat davam etsin" şəklindədir. Rekvizitdə əks olunduğu kimi nöqtəyə əlavə edilib və o, vergülə çevrilib.


Sual №4: Maraqlıdır ki, bu xalqın əfsanələrindən birində deyilir: "Tanrı bir gün Yer üzündəki hər şeyi yarıya bölən bir ildırım göndərdi". Diqqət sual. Hansı xalq?

Cavab: Piqmeylər
Şərh: Afrikanın ən kiçik boylu xalqı olan piqmeylərdən söhbət gedirdi. Maraqlıdır ki, piqmeylər  rəvayətlərində hər şeyin yarıya bölündüyünü söyləyərkən özlərini nəzərdə tuturlarmı? J


Sual №5: Diqqət sualda əvəzetmə var:
"O, göylə yoldaşdır, buludla birdir,
Qüvvətdə şir kimi, adı da şirdir".
Eşitdiyiniz misralar Cavanşirin sifarişi ilə yazılmış məşhur əsərdəndir. 1 dəqiqədən sonra əvvəlki cümlədə 1 sözlə əvəz edilmiş 2 sözü cavab kartlarınıza yazın.

Cavab: Körpə Arslan
Şərh: Yuxarıdakı misralar Nizami Gəncəvinin "Yeddi Gözəl" poemasındandır. Poema Marağa hakimi Körpə Arslana həsr edilmişdir. Sualda CavanŞir sözü Körpə Arslanla əvəz edilmişdir.


Sual №6: Henrix Heyne əsərlərindən birində yazır ki, indiyədək gördüyü Paqanini portretləri arasında birindən başqa, demək olar ki, heç biri Paqaninin özünə bənzəmir. Yalnız bir rəssam bu işi görməyə müvəffəq olmuşdur. Bu şəxs Leyser adlı rəssam idi. Əvvəlki mətndə buraxılmış bir sözü yazın.

Cavab: Kar
Şərh: Heynenin sözlərinə görə, şeytanla müqavilə bağladığı söylənilən Paqaninin musiqisi o qədər valehdici gəlirdi ki, rəssamlar onu olduğundan daha gözəl çəkirdilər. Yalnız kar rəssam Leyser onun skripkasının səsini eşitmədiyindən musiqiçini olduğu kimi çəkməyi bacarmışdı.


Sual №7: Versiyalardan birinə görə, "qopuz" sözü "qopub düşmək" sözündən törəmişdir. Bəs Əlihüseyn Dağlı əsərlərindən birində hansı coğrafi obyektin adının "qopuz" sözündən törədiyi fikrini irəli sürür.

Cavab: Kəpəz dağı
Şərh: Məlumdur ki, hələ Dədə Qorqud dövründən tanış olan qopuzun adı "qopmaq, qopub düşmək" sözləri ilə əlaqələndirilir. 1139-cu ildə Kəpəz dağının bir hissəsi zəlzələ nəticəsində qopub düşmüş və Göygöl gölü yaranmışdı. Dağın bir hissəsinin qoparaq düşməsini əsas gətirən musiqişünas dağa əhalinin qopuz sözündən ilhamlanaraq eyni adı verdiyini və sözün zamanla formasını dəyişərək Kəpəz halını aldığını iddia etmişdi.


Sual №8: Primo Levi Auşvitzdə iki qapaqlı ekskavatorun torpağı yerdən götürdükdən sonra qapaqlarının açılıb-örtülməsini izləyən əsirlərdə bunun hər dəfə aşağı yuxarı hərəkət etdiyini yazır. Bunu cavab kartlarınıza yazın.

Cavab: Adəm alması (ulğum)
Şərh: Təsəvvür edin, ikiqapaqlı ekskavator torpağı yerdən götürür, qapaqlar açılır və bir qədər sonra bağlanır. Bu zaman ekskavatorun qapaqları ac əsirlərə yemək yeyən insan ağzını, qapaqlardakı dişlər isə insan dişlərini xatırladır. Adətən həddən artıq ac olan insanlar digərinin yemək yediyini gördükdə udqunur və bu zaman Adəm alması aşağı yuxarı doğru hərəkət edir. Auşvitzdə isə əsirlər o qədər ac idilər ki, hətta ekskavatorun qapaqlarını ağıza bənzədərək onun belə qidalandığını düşünürdülər.


Sual №9: Diqqət! Duplet

1. O, dayısı II Bəyazidin köməyi ilə Təbrizdə taxta çıxa bilmişdi. Onun kim olduğunu 2 sözlə cavab kartlarınıza yazın.

2. Hicri təqvimi ilə təqribən 800-cü illərdə anadan olmuşdur. Tam adında Nüsrətəddin Əbu-Nəsr sözlərini oxumaq olar. Onun dövründə sadə əhaliyə dini çatdırmaq üçün "Quran" Azərbaycan dilinə tərcümə olunmuşdu. Qərb dünyasında fəaliyyətinə görə ona "İkinci Teymur"  adı verilib. Sarayında 58 nəfərlik elmi məclis qurulmuş və musiqi zövqünün oxşanması üçün 98 nəfərlik ansabml yaradılmışdı. Onun kim olduğunu 2 sözlə cavab kartlarınıza yazın.

Cavab: 1. Gödək Əhməd
              2. Uzun Həsən
Şərh: Göründüyü kimi sual mətnlərindən birincisi həddən artıq qısa, yəni gödək, ikincisi isə həddən artıq uzun qurulmuşdu. Birinci sualda Fateh Sultan Mehmedin və Uzun Həsənin nəvəsi olan Gödək Əhmədin 1496-cı ildə taxta çıxmasından söhbət açılırdı. Gödək Əhmədin dayısı Sultan II Bəyazid idi. Uzun Həsən haqqında isə nisbətən geniş məlumat verilmiş və onun fəaliyyətləri açıqlanmışdı.


Sual №10: Nodame Kantabile Avropaya getmək istəsə də, bu istəyini alfa və betta səbəbindən reallaşdırmağı bacarmayan manqa personajıdır. Alfa və betta hər ikisi eyni hərflə başlayır bitir. Alfa və bettanı mürəkkəb əcnəbi sözlərlə yazın.

Cavab: Aerofobiya və akvafobiya
Sayılma meyarı: aviafobiya və akvafobiya
Şərh: Manqa qəhrəmanı və ad iştirakçıları personajın yapon olmasına çıxarmalı idi. Yapon personaj Avropaya getməlidir, lakin bunu heç cürə bacarmır. Ya hava yolu ilə getməlidir, ya da su nəqliyyatı. Lakin personajın həm aerofobiyası, həm də akvafobiyası olduğundan istəyini reallaşdırma bilmir.

Emojilərlə reaksiyanızı bildirə bilərsiniz. Növbəti 10-luqlara qədər!