Milli mövzularda 10 sual - Səbuhi Göyüşov - Sualtap

Milli mövzularda 10 sual - Səbuhi Göyüşov

"10" gözəl sual'da bu dəfə tək müəllifin - "Prestige" komandasının güclü oyunçusu və usta müəllifi Səbuhi Göyüşovun milli məzmunlu 10 maraqlı sualı ilə tanış olacaqsınız. Sualların bir qismi məzmunca milli xüsusiyyət daşıyır, digər qismi isə dilimizdə işlənən ifadələrə əsaslanır. Buyurun tanış olun...


Sual №1: Məlik Dadaşovun filmoqrafiyasından çıxarış:
“Fətəli Xan” filmi – Əmir Həmzə
“İstintaq” filmi – Rus alim
“Ulduz” filmi – Möhsün
Maraqlıdır ki, yuxarıdakı siyahıya  1962-ci ilə aid olan bu obraz da daxildir. Həmin obrazı yazın.

Cavab: Lal Hüseyn
Sayılma meyarı: Dəqiq cavablar
Şərh: Bildiyimiz kimi adıçəkilən filmlərdə Məlik Dadaşov aktyor kimi çıxış etməmişdir. Ulduz filmində Möhsün obrazını Hacıbaba Bağırov canlandırıb məsələn. Burda aktyorun səsləndirdiyi filmlərin filmoqrafiyası verilmişdi. Maraqlıdır ki, o 1962-ci ildə Böyük Dayaq-da Lal Hüseyn obrazını səsləndirib.
Müəllif: Səbuhi Göyüşov



Sual №2: Bu SSRİ xalq artistinin "Kəndlilər", "Səmt küləyi" kimi filmlərdə XƏSTƏ ADAM obrazı yaratdığını görə bilərik. Kim?

Cavab: İsmayıl Osmanlı
Sayılma meyarı: Dəqiq cavablar
Şərh: Bildiyimiz kimi Xəstə adam Osmanlı dövlətinin ləqəbidir. Cavab SSRİ xalq artisti İsmayıl Osmanlıdır.
Müəllif: Səbuhi Göyüşov



Sual №3: Elə də uzun müddət hakimiyyətdə olmamış, yalnız müəyyən bir müddət Anadolunu idarə etmiş İsa Çələbini X adlandırmaq olar. X-i 3 sözlə cavab kartınıza yazın.

Cavab: 11 ayın sultanı
Şərh: İsa Çələbi 1405-ci ilin sonundan 1406-cı ilə qədər qısa bir müddətdə, təqribən 11 ay hakimiyyətdə olmuşdur. Bildiyimiz kimi Ramazana da 11 ayın sultanı deyirlər.
Müəllif: Səbuhi Göyüşov



Sual №4: Azərbaycan Cumhuriyyətinin qurulmasından bəhs edən sənədli filmdə həmin dövrdəki çətinliklər, ARXA PLANDA aparılan mübarizələrdən danışılır. Həmin sənədli filmin adı keçən əsrin yetmişinci illərində çıxmış mənbədən cəmi bir hərf artıqdır. Sənədli filmin adını cavab kartınıza yazın.

Cavab: Mayın görünməyən tərəfi
Sayılma meyarı: Dəqiq cavablar.
Şərh: Cumhuriyyətimiz bildiyimiz kimi 1918-ci ilin may ayında qurulmuşdur. Arxa planda baş verən mübarizələrdən danışan film 1973-cü ildə işıq üzü görmüz Pink Floydun albomuna işarə olaraq “Mayın Görünməyən tərəfi” adlandırılmışdı.
Mənbə: https://en.wikipedia.org/wiki/The_Dark_Side_of_the_Moon
Müəllif: Səbuhi Göyüşov



Sual №5: Adətən öz əsərlərində kiçik bölgələrdən olan insanların taleyini canlandıran bu şəxs öz ölkəsində məşhurlaşdıqdan sonra onun şöhrəti daha da geniş yayılır, tezliklə daha böyük ərazi Avropa, sonra da Dünyada məşhur olur. Maraqlıdır ki, elə 1968-ci ildə Araz çayında boğularaq öldürülür. Həmin şəxsin kim olduğunu cavab kartınıza yazın.

Cavab: Səməd Behrəngi
Sayılma meyarı: Dəqiq cavablar.
Şərh: Sualda gördüyünüz kimi kiçik bölgələr, ölkə, Avropa və Dünya sözləri işlədilib. Bu onun ən məşhur əsəri olan “Balaca Qara balığ”a allüziya idi. Balaca Qara balıq da bildiyimiz kimi arxdan çaya, ordan dənizə, dənizdən isə dünya okeanına çıxır. Azərbaycan əsilli İran yazıçısı Səməd Behrəngi nə qədər qəribə olsa da Balaca Qara Balıq suda öldüyü kimi, suda da vəfat etmişdir.
Mənbə: 1. http://teleqraf.com/news/20463
              2. https://az.wikipedia.org/wiki/Səməd_Behrəngi
              4. Abbas Milani, Eminent Persians
Müəllif: Səbuhi Göyüşov



Sual №6: Rekvizit
Verdiyimiz rekvizitdə gördüyünüz şəxs nə qədər qəribə olsa da 1542-ci ildə, baron ailəsində anadan olmuşdur.
1911-ci ildə fəaliyyətə başlayan bunun əsas məqsədi qadınların maarifləndirilməsi, onların qaranlıq dünyasının aradan qaldırılması idi. Çox təəssüf ki, biz internetdə bunu tapıb rekvizit kimi verə bilmədik.
Bu sualda biz sizi təzyiq altda saxladıq. Təzyiq altda saxlamaqla əvəz etdiyimiz 4 sözü deyin.

Cavab: Göz verib, işıq verməmək.
Sayılma meyarı: Dəqiq cavablar
Şərh: Birinci şəkildə gördüyünüz Hollandiyada olan gözlərin rəhbəri William De la Mark 2-cidir. Bildiyiniz kimi gözlərə həm də dilənçilər deyirlər. Amma əslində William baron nəvəsi idi.İkinci sualda söhbət "İşıq" jurnalından gedir. Xədicə xanım Əlibəyovanın nəşr elətdirdiyi ilk qadın jurnalı olan "İşıq"ın əsas məqsədi qadın dünyasına işıq saçmaq idi. Biz sualda sizə rekvizit kimi göz verdik, amma işıq vermədik.
Mənbə: 1. http://en.wikipedia.org/wiki/Geuzen
              2. http://www.525.az/site/?name=xeber&news_id=8829
Müəllif: Səbuhi Göyüşov



Sual №7: Aparıcı üçün qeyd: İlk turda yaxşı nəticə göstərməyən komandaları ruhdan düşməməyə çağırır və təcrubəsindən çıxış edərək dəfələrlə turnirin əvvəlində aşağı mövqelərdə olan komandaların turnirin axırında kuboku qaldırdığının şahidi olduğunu qeyd edir.

Duplet:

1) "O, belində Zam Zammah tüfəngi ilə yerlilərin Lahor muzeyi deyə adlandırdığı köhnə Acaib Qehr - möcüzələr evinin qabağında, kərpic platformun üstündə oturmuşdu. Əgər KİM od saçan əjdaha olan Zam-Zammah silahını tutursa bütün Pəncab ona məxsus hesab edilirdi."
Eşitdiyiniz hissə bir romandandır. Sual müəllifinin fikrincə bu hissəni iki sözlə adlandırmaq olar. Həmin iki sözü cavab kartınıza yazın.
2) BU 2011-ci il, dekabr ayının 17-də qatarda baş vermiş infarkt nəticəsində gəlmişdi. BUnu iki sözlə deyin.

Cavab: 1) Kimin əvvəli.
              2) Kimin axırı.
Sayılma meyarı: Dəqiq cavablar.
Şərh: 1) Sualda səslənmiş hind toponimi və xüsusi vurğu ilə qeyd olunmuş "kim" sözü Redyard Kiplinqin “Kim” romanından çıxmağa kömək edə bilərdi. Eşitdiyiniz  romanın başlanğıc hissəsidir. Sual müəllifinin fikrincə bu hissəni “Kimin əvvəli” adlandırmaq olar. 
         2) Sualda söhbət Şimali Koreya lideri Kim Çen İrin ölümündən gedir. Kimin axırı , o, qatarda ikən keçirdiyi infarkt nəticəsində çatmışdı. Sualdan öncə deyilmiş sözlər də ipucu idi. Bildiyimiz kimi, "kimin əvvəli, kimin axırı" bizim dildə olan deyimlərdən biridir.
Müəllif: Səbuhi Göyüşov.



Sual №8: Rekvizit
Qarşınızda bir şəhərə aid uzun xronologiyadan bir hissədir. Həmin şəhəri deyin.

Cavab: Moskva.
Sayılma meyarı:  Dəqiq cavab.
Şərh: Gördüyünüz Moskva şəhərinin quruculuq prosesindən qısa bir hissədir. Bildiyiniz kimi rus dili və bizim dilimizdə “Moskva birdən tikilməyib” deyimi mövcuddur. Siyahıda isə Moskvanın quruculuğunun uzun prosesi öz əksini tapır.
Müəllif: Səbuhi Göyüşov.



Sual №9: «127 saat» filmində bütün yemək və su ehtiyatları tükənmiş, çox yorğun, çarəsiz və çıxılmaz vəziyyətdə olan personaj birinci dəfə öz qolunu kəsmək istəyərkən bu baş verir və amputasiya uğursuz alınır. Bunu 3 sözlə cavab kartınıza yazın.

Cavab: Bıçağın sümüyə dirənməsi
Sayılma meyarı: Mənaya uyğun cavablar
Şərh: Gördüyünüz kimi filmin qəhrəmanı çox pis vəziyyətdədir, yəni bir növ onun həyatında da bıçaq sümüyə dirənib. O ilk dəfə qolunu kəsmək istəyərkən bıçaq sümüyə dirənir və sümüyü kəsməsi alınmır.
Müəllif: Səbuhi Göyüşov.



Sual №10: Məşhur ədəbi tənqidçi-şair Mikayıl Rəfili SSRİ təzyiqlərindən uzaq qalmaq üçün BUndan imtina etmişdi. BUnu cavab kartınıza yazın.

Cavab: "Bəy" hissəciyi.
Sayılma meyarı: "Bəy" hecası; bəy.
Şərh: Əslən Goranboydan olan Mikayıl Rəfili Gəncəli Rəfibəyovlar nəsli ilə qohumluğa malikdir. Onun atası Həsən bəy Rəfiyev Nigar bəy Rəfibəylinin də atası olan Xudadat bəy Rəfibəyli ilə qohum olmuşdur. Daha sonra o dövrdə SSRİ-də bəy hissəciyi olan şəxslər təzyiqlərə məruz qaldığından Rəfibəylilər Rəfili, Rəfiyev, Rəfizadə kimi soyadlar götürmüşdür. Onlardan biri də Mikayıl Rəfili idi.
Müəllif: Səbuhi Göyüşov.

Şərh bölməsinə ən bəyəndiyiniz sualı qeyd etməyi unutmayın.